Xeberhub.com xəbər verir ki, Hindistanın Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata görə, ölkənin şimal-şərqində yerləşən Assam ştatında baş verən güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə yüksəlib.
Məlumata əsasən, 300 mindən çox sakin hələ də təbii fəlakətin təsirində qalan ərazilərdə yaşayır. Daşqınlar 551 yaşayış məntəqəsini su altında qoyub. Ən ağır vəziyyət isə 137 mindən artıq insanın zərər gördüyü Çaraydeo dairəsində qeydə alınıb.
Təbii fəlakət nəticəsində yollar, yaşayış evləri və təhsil müəssisələri ciddi zərər görüb. Bundan başqa, 11 mindən çox ev dağılıb, həmçinin çoxlu sayda kənd təsərrüfatı heyvanı tələf olub.
Hindistanın daxili işlər naziri Amit Şah Assam ştatının baş naziri Himanta Bisva Sarma ilə vəziyyəti müzakirə edib. Bildirilib ki, bəzi bölgələrdə suyun səviyyəsi azalmağa başlasa da, genişmiqyaslı dağıntılar səbəbindən minlərlə sakin hələ də evlərinə qayıda bilmir.
Hindistan Meteorologiya İdarəsi isə növbəti iki gün ərzində Assam ştatında yenidən güclü leysan yağışlarının gözlənildiyini açıqlayaraq əhaliyə xəbərdarlıq edib.