Azərbaycan və İran gömrük orqanları əməkdaşlığın genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.
Xeberhub.com xəbər verir ki, "Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, İran Gömrük İdarəsinin rəisi Forud Əsgəri və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Biləsuvar sərhəd-keçid məntəqəsində görüş keçiriblər.
Görüş zamanı iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət və tranzit daşımalarının inkişafı, eləcə də sərhəd keçid prosedurlarının sadələşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər gömrük xidmətlərinin yeni proqramları ilə bağlı razılığa gəlib və görüşün sonunda Gömrük əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalayıblar.
Forud Əsgəri bildirib ki, Astara və Naxçıvan istiqamətlərində inşa edilən yeni körpülərin istifadəyə verilməsi nəqliyyat infrastrukturunu gücləndirəcək, yük avtomobillərinin sərhəddən keçidini asanlaşdıracaq və iki ölkə arasında ticarət dövriyyəsinin artmasına töhfə verəcək.
O, həmçinin İran prezidentinin Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, müxtəlif görüşlərdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladığını qeyd edib.
Şahin Bağırov isə Azərbaycan və İran arasında ticarət münasibətlərinin əhəmiyyətini diqqətə çatdıraraq, hər iki tərəfin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, bu cür görüşlər mövcud problemlərin operativ həlli və maneələrin aradan qaldırılması baxımından mühüm rol oynayır.
DGK sədri əlavə edib ki, yaranan məsələlərin çevik həlli məqsədilə İran Gömrük İdarəsinin rəhbərliyi ilə 24 saat fəaliyyət göstərəcək onlayn əlaqə mexanizminin yaradılması təşəbbüsünü müsbət qiymətləndirir.