Britaniya hərbi dronlarında Çinə texniki məlumat ötürülməsi aşkarlanıb
Xeberhub.com xəbər verir ki, Böyük Britaniya hökuməti Kral Donanmasına məxsus pilotsuz suüstü aparatlarda istifadə edilən kameraların Çindəki IP ünvanına texniki məlumatlar göndərdiyini müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət Böyük Britaniyanın müdafiə sənayesinin aparıcı şirkətlərindən olan “Kraken Technology Group” tərəfindən təchiz edilən “K3 Scout” pilotsuz aparatlarından gedir. Dronlarda istifadə olunan kameralar əvvəllər həmin avadanlıqların təhlükəsizliyinə zəmanət verən üçüncü tərəf şirkətindən satın alınıb.
Aparılan yoxlamalar zamanı kameralarda Çin istehsalı komponentlərin olduğu müəyyən edilib. Həmçinin məlum olub ki, qurğular Çindəki IP ünvanına texniki siqnallar göndərib. Bu məlumatlar avadanlığın şəbəkəyə qoşulmasını və işlək vəziyyətdə olduğunu təsdiqləyən göstəricilərdən ibarət olub.
Məlumat ötürülməsi aşkar edildikdən sonra Böyük Britaniyanın Müdafiə Nazirliyi həmin cihazları internet bağlantısından ayırıb.
Nazirliyin nümayəndəsi bildirib ki, araşdırma zamanı xarici tərəfə hər hansı həssas və ya kritik məlumatın ötürüldüyünü göstərən sübut aşkarlanmayıb.
Qeyd olunub ki, “K3” pilotsuz aparatları gələcəkdə Hörmüz boğazında gəmiçiliyin sərbəstliyinin təmin olunmasına yönələcək Britaniya tədbirlər paketinin tərkibində nəzərdə tutulur.
“The Telegraph” həmçinin dronların xüsusi təyinatlıların yüksəkvəzifəli şəxslərinin mühüm görüşlər keçirdiyi ərazilərin yaxınlığında istifadə olunması ilə bağlı narahatlıqları diqqətə çatdırıb. Aparatlar söndürüldükdən sonra belə kameraların işləməyə davam etməsi də əlavə suallar yaradıb.
“K3” kəşfiyyat dronlarının mart ayından etibarən Sahil Qüvvələri Eskadrilyası və Kral Dəniz Piyadalarının 47-ci Komando dəstəsi tərəfindən istifadə edildiyi bildirilir.