İtaliya prokurorluğu mafiya qruplaşmalarının müasir silahlar, o cümlədən pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş sursatları əldə etməyə çalışdığı barədə xəbərdarlıq edib.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, ANSA agentliyinə danışan Palermo şəhərinin baş prokuroru Mauritsio de Luçiya bildirib ki, cinayətkar qruplaşmalar Rusiya-Ukrayna müharibəsi fonunda qara bazara çıxarılan silahlara maraq göstərirlər.
Baş prokurorun sözlərinə görə, hüquq-mühafizə orqanları xüsusilə PUA-lar üçün nəzərdə tutulmuş sursatların əldə edilməsinə dair əlamətlər müşahidə edir. O qeyd edib ki, bu tip silahlar hazırda təhlükəsizlik qurumları üçün yeni çağırış hesab olunur.
Mauritsio de Luçiya vurğulayıb ki, sözügedən tendensiya yalnız Palermo mafiyasına aid deyil. Onun sözlərinə görə, İtaliyanın müxtəlif bölgələrində fəaliyyət göstərən cinayətkar şəbəkələr də yüksək texnologiyalı silah arsenalını genişləndirməyə çalışırlar.
Baş prokuror əlavə edib ki, hüquq-mühafizə orqanları artıq Balkanlardan İtaliyaya qanunsuz yollarla gətirilmiş silah partiyasını aşkarlayıb. O hesab edir ki, dövlət qurumları bu cür silahların yaratdığı risklərə qarşı hazırlığı daha da gücləndirməlidir.