Neft qiymətləri kəskin enişdən sonra yenidən yüksəlib
Dünya bazarında neftin qiymətləri əvvəlki sessiyada yaşanan ciddi ucuzlaşmadan sonra yenidən artım göstərib.
Xeberhub.com xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Məlumatın ilkin mənbəyi Oxu.Azdır.
Bakı vaxtı ilə saat 09:17-yə olan göstəricilərə əsasən, Londonun ICE birjasında sentyabr ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 2,97 dollar və ya 3,53 faiz yüksələrək bir barel üçün 87,06 dollara çatıb.
Qeyd olunur ki, əvvəlki ticarət sessiyasında "Brent" neftinin qiyməti 4,27 dollar (4,8 faiz) azalaraq 84,09 dollar səviyyəsinə düşmüşdü.
Nyu-York Ticarət Birjasında (NYMEX) isə sentyabr ayına çatdırılacaq WTI markalı xam neftin fyuçersləri 2,62 dollar və ya 3,31 faiz bahalaşaraq bir barel üçün 81,88 dollar olub.
Bundan əvvəlki sessiyada WTI neftinin qiyməti 3,35 dollar (4,1 faiz) azalaraq 79,26 dollar təşkil etmişdi.