Deputat: “8 avqust Azərbaycan və Cənubi Qafqaz tarixinin ən mühüm günlərindəndir”
8 avqust 2025-ci il Azərbaycan və bütövlükdə Cənubi Qafqazın siyasi tarixində mühüm hadisələrin baş verdiyi tarix kimi qiymətləndirilir.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşünün birinci ildönümü və həmin görüşdən sonra əldə olunan nəticələr barədə danışıb.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması mühüm siyasi hadisə olub.
Arzuxan Əlizadə qeyd edib ki, görüş zamanı Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamənin imzalanması da uzun illər davam edən münaqişənin siyasi və hüquqi müstəvidə başa çatdırılması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.
Deputat vurğulayıb ki, Vaşinqton görüşü regionda sülh gündəliyinin inkişafı və Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə keçməsi baxımından xüsusi əhəmiyyət daşıyır.