Rusiyanın Samara vilayətində sənaye müəssisəsi PUA hücumuna məruz qalıb
Rusiyanın Samara vilayətində sənaye müəssisələrindən biri Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev açıqlayıb.
Qubernatorun sözlərinə görə, hazırda mütəxəssislər hücumun nəticələrinin aradan qaldırılması ilə məşğuldurlar. PUA-ların düşdüyü ərazidə operativ xidmət əməkdaşları fəaliyyət göstərir. Zərərçəkənlərin olub-olmaması dəqiqləşdirilir.
Fedorişşev hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və hücumun nəticələrini əks etdirən foto və videoların çəkilərək yayılmasının qadağan olunduğunu da bildirib.
Məlumata görə, ötən gecə Rusiyanın 17-dən çox regionunda raket təhlükəsi elan edilib. Bundan əlavə, 18 hava limanında təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq olunub. Hazırda hava limanlarının əksəriyyətində fəaliyyət bərpa edilib.
Krasnodarda neft emalı zavodunda yanğın
Krasnodar diyarında isə Ukrayna PUA-larının vurulması nəticəsində onların qalıqları neft emalı zavodunun ərazisinə düşüb.
Regionun operativ qərargahının məlumatına görə, qalıqların düşməsi nəticəsində İlski neft emalı zavodunda yanğın baş verib. İlkin məlumatlara əsasən, hadisə zamanı beş nəfər xəsarət alıb.
Yaralılara lazımi tibbi yardım göstərildiyi, hadisə yerində isə müvafiq xidmətlərin əməkdaşlarının çalışdığı bildirilib.
Tulada 7 PUA məhv edilib
Tula vilayətində də Ukrayna Silahlı Qüvvələrinin PUA hücumuna cəhd etdiyi bildirilib.
Regionun qubernatoru Dmitri Milyayevin sözlərinə görə, hava hücumundan müdafiə bölmələri Ukraynaya məxsus yeddi pilotsuz uçuş aparatını məhv edib.
Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb və ilkin məlumata əsasən, infrastruktur obyektlərinə də ziyan dəyməyib.