Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı bu gün Qırmızı dənizdə təhlükəsizliyin təmin olunması məqsədilə yeni çoxmillətli hərbi koalisiyanın yaradıldığını elan edə bilər.
Məlumata görə, koalisiyanın əsas məqsədi husilərin Bab əl-Məndəb boğazından keçən beynəlxalq gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinin qarşısını almaqdır.
Bildirilir ki, koalisiyanın qərargahı Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ər-Riyadda yerləşəcək. Təşəbbüsə ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan da daxil olmaqla, təxminən 50 ölkənin qoşulması üçün dəvət göndərilib.
Məlumata əsasən, ABŞ-ın koalisiyada iştirakı ilə bağlı yekun qərar hələ verilməyib. Bununla belə, Vaşinqtonun dəstəyinin təşəbbüsün nüfuzu və effektivliyi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.
Eyni zamanda, Fransa, Almaniya və İtaliyanın ABŞ-ın qərarını gözlədiyi bildirilir. Omanın İranla münasibətlərdə vasitəçi roluna görə koalisiyaya qoşulma ehtimalının aşağı olduğu, Birləşmiş Ərəb Əmirliklərinin isə hələlik təşəbbüsə rəsmi dəvət almadığı qeyd olunur.