SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Deputat: Naxçıvan Cənubi Qafqazın mühüm logistika və enerji qovşağına çevrilə bilər

👤 📅 👁 4 baxış ⏱ 7 dəq oxuma
Deputat: Naxçıvan Cənubi Qafqazın mühüm logistika və enerji qovşağına çevrilə bilər

Deputat: Naxçıvan gələcəkdə mühüm nəqliyyat, logistika və enerji qovşağına çevrilə bilər

Böyük tarixi qələbələrin nəticələri yalnız əldə edildiyi dövrdə yaratdığı siyasi dəyişikliklərlə məhdudlaşmır. Zaman keçdikcə yeni kommunikasiya xətlərinin formalaşması, iqtisadi əlaqələrin genişlənməsi və regional inkişaf imkanlarının artması həmin qələbələrin strateji əhəmiyyətini daha aydın göstərir.

Xeberhub.com xəbər verir ki, Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycanın Naxçıvanla bağlı həyata keçirdiyi layihələrin və son siyasi proseslərin əhəmiyyətini şərh edib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri muxtar respublikanın əhəmiyyətinin artıq yalnız ölkədaxili regional inkişafla məhdudlaşmadığını göstərir. Onun sözlərinə görə, Naxçıvan gələcəkdə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən nəqliyyat, iqtisadi və enerji sisteminin mühüm hissəsinə çevrilə bilər.

Sevinc Fətəliyeva qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin bərpası məsələsi yeni siyasi məzmun qazanıb. Bu proses yalnız nəqliyyat bağlantısının yaradılması deyil, regionda yeni kommunikasiya sisteminin formalaşdırılması baxımından da əhəmiyyətlidir.

Deputatın sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısı ilə bağlı müddəanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata daxil edilməsi Azərbaycanın prinsipial mövqeyinin nəticəsi olub. Lakin sonrakı dövrdə layihənin reallaşdırılması istiqamətində praktiki irəliləyiş məhdud qalıb.

O bildirib ki, 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton görüşündən sonra layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) formatında yeni siyasi və beynəlxalq məzmun əldə edib.

Deputat vurğulayıb ki, hazırda söhbət yalnız nəzəri layihədən getmir. Azərbaycanın Horadiz-Ağbənd avtomobil yolunun tikintisini yekunlaşdırmağa yaxınlaşması, Ermənistan sərhədinə doğru dəmir yolu infrastrukturunun qurulmasının davam etdirilməsi və Naxçıvanda dəmir yolu sisteminin yenilənməsi layihənin praktiki mərhələyə keçdiyini göstərir.

Onun sözlərinə görə, yeni texniki-iqtisadi əsaslandırmaya əsasən, Naxçıvan dəmir yolunun uzunluğunun 194 kilometr olması və xəttin illik yükaşırma imkanının ən azı 15 milyon tona çatdırılması nəzərdə tutulur.

Naxçıvanın tranzit imkanları genişlənir

Sevinc Fətəliyeva hesab edir ki, layihənin əhəmiyyəti Azərbaycanın iki hissəsi arasında quru əlaqəsinin bərpasından daha genişdir.

Deputat Naxçıvanın Türkiyə, İran və Ermənistanla həmsərhəd olmasını muxtar respublikanın gələcək tranzit potensialını artıran əsas amillərdən biri kimi qiymətləndirib.

Onun fikrincə, yeni kommunikasiyaların istifadəyə verilməsi ilə uzun müddət daha çox son məntəqə kimi qəbul edilən Naxçıvan mühüm tranzit və logistika mərkəzinə çevrilə bilər.

Fətəliyeva bildirib ki, Azərbaycanın Gürcüstan üzərindən keçən mövcud Qərb istiqamətli nəqliyyat marşrutları strateji əhəmiyyətini qoruyacaq. Bununla yanaşı, Naxçıvan üzərindən yaradılacaq yeni bağlantı Türkiyə və Avropaya əlavə çıxış imkanları formalaşdıracaq.

Deputat TRIPP-in Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizə inteqrasiyasının layihənin geoiqtisadi əhəmiyyətini daha da artıracağını deyib.

O həmçinin Naxçıvan-Culfa dəmir yolu qovşağı vasitəsilə İranla əlaqələrin genişləndirilməsi imkanlarına diqqət çəkib. Bu istiqamətin İran ərazisindən keçməklə Fars körfəzinə çıxış imkanlarını genişləndirə biləcəyi qeyd olunub.

TRIPP yalnız nəqliyyat layihəsi deyil

Deputatın sözlərinə görə, TRIPP-in gələcək əhəmiyyətini yalnız bu marşrut üzrə daşınacaq yüklərin həcmi ilə qiymətləndirmək düzgün deyil.

O hesab edir ki, nəqliyyat dəhlizinin ətrafında logistika mərkəzləri, ticarət və istehsal müəssisələri, xidmət sahələri və yeni investisiya imkanları formalaşa bilər. Bu isə Naxçıvanın iqtisadi rolunun əhəmiyyətli şəkildə dəyişməsinə səbəb ola bilər.

Sevinc Fətəliyeva layihəyə beynəlxalq marağın artmasını da xüsusi əhəmiyyət daşıyan amil kimi qiymətləndirib. Onun sözlərinə görə, Avropa İttifaqı nümayəndələrinin Naxçıvana səfər edərək dəmir yolu infrastrukturu ilə yerində tanış olması bölgəyə artan marağın göstəricilərindən biridir.

Deputat bildirib ki, TRIPP-ə yalnız nəqliyyat layihəsi kimi deyil, genişmiqyaslı infrastruktur platforması kimi yanaşmaq lazımdır.

Onun sözlərinə görə, gələcəkdə bu xətt vasitəsilə fiber-optik kabellərin, elektrik xətlərinin və zərurət yaranacağı təqdirdə digər enerji infrastrukturlarının keçirilməsi mümkün ola bilər.

Fətəliyeva Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa istiqamətində yeni enerji bağlantılarının yaradılmasının mühüm perspektivlər açacağını qeyd edib. Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Xəzər dənizi və Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması ilə bağlı planların da Naxçıvanın enerji sistemində rolunu artıracağı bildirilib.

Yeni kommunikasiyalar sülhə xidmət edə bilər

Deputat hesab edir ki, regionda yeni nəqliyyat və enerji əlaqələrinin yaradılmasının mühüm siyasi tərəfi də var.

Onun sözlərinə görə, ölkələri dəmir yolları, enerji xətləri, rəqəmsal infrastruktur və ticarət əlaqələri ilə birləşdirmək qarşılıqlı iqtisadi maraqları artırır. Bu isə münaqişənin iqtisadi qiymətini yüksəldərək sülh və sabitliyin dəyərini artırır.

Fətəliyeva TRIPP-in Azərbaycan-Ermənistan sülh gündəliyindən ayrı nəzərdən keçirilə bilməyəcəyini bildirib. Onun fikrincə, region uzun illər davam edən qarşıdurmadan sonra qapalı sərhədlər və blokadalar mərhələsindən açıq kommunikasiyalar və iqtisadi əməkdaşlıq mərhələsinə keçmək imkanına malikdir.

Deputatın sözlərinə görə, Ermənistan yeni nəqliyyat arxitekturasından daha geniş bazarlara çıxış və tranzit imkanları əldə edə bilər. Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlavə bağlantıya, İran isə yeni regional nəqliyyat imkanlarına sahib ola bilər.

Sevinc Fətəliyeva hesab edir ki, siyasi iradə və qarşılıqlı maraqlar düzgün uzlaşdırılarsa, formalaşan yeni kommunikasiya sistemi bütövlükdə region üçün əlavə iqtisadi imkanlar yaradacaq və Naxçıvanı Cənubi Qafqazın mühüm nəqliyyat, logistika və enerji qovşaqlarından birinə çevirə bilər.

A

Oxşar Xəbərlər