Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə məhkəmə sistemində süni intellektdən istifadəni nəzərdə tutan yeni platforma istifadəyə veriləcək.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, WAM agentliyinin yaydığı xəbərdə Əbu-Dabi Məhkəmə Departamentinin hüquqi və məhkəmə qərarlarının hazırlanmasına dəstək göstərəcək süni intellekt platformasını tətbiq etdiyini açıqladığı bildirilir.
Məlumata əsasən, bu sistem dünyada ilk dəfə məhkəmə qərarlarının hazırlanması prosesinə yardım göstərmək məqsədilə yaradılıb. Platformanın fəaliyyəti tam şəkildə insan nəzarəti altında həyata keçiriləcək.
Qeyd olunub ki, yeni texnologiya məhkəmə proseslərində qərarların hazırlanmasının daha dəqiq və operativ aparılmasına imkan verəcək. Sistem ilkin mərhələdə sentyabr ayında istifadəyə veriləcək, növbəti 18 ay ərzində isə mərhələli şəkildə tam tətbiq olunacaq.
BƏƏ-nin vitse-prezidenti, baş nazirin müavini və Prezident Administrasiyasının rəhbəri şeyx Mənsur bin Zayed Əl Nəhyan bildirib ki, bu təşəbbüs innovativ texnologiyaların ədalət mühakiməsinin daha sürətli və səmərəli həyata keçirilməsinə töhfə verdiyini nümayiş etdirir.