Xeberhub.com xəbər verir ki, Bakupost.az-ın yaydığı məlumata əsasən, Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan nömrə nişanlı yük avtomobillərinin sərhəd-keçid məntəqələrində üzləşdiyi ləngimələrlə bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin təqdim etdiyi diplomatik notaya münasibət açıqlayıb.
Qurumdan bildirilib ki, avqustun 5-də Azərbaycanın Gürcüstandakı səfirliyi yük avtomobillərinin Gürcüstana girişində və ölkə ərazisində hərəkəti zamanı yaranan gecikmələrlə bağlı rəsmi müraciət ünvanlayıb.
Gürcüstan XİN qeyd edib ki, müraciətdə əks olunan məlumat aidiyyəti dövlət qurumlarına təqdim edilib. Hazırda həmin qurumlar müəyyən edilmiş pozuntularla bağlı ölkə qanunvericiliyinə uyğun tədbirlər həyata keçirirlər.
Xatırladaq ki, daha əvvəl Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı TIR sürücüsü gömrük-keçid məntəqələrində günlərlə saxlanıldıqlarını, onlara gecikmələrin səbəbi ilə bağlı hər hansı rəsmi izahat verilmədiyini bildirmişdi.