Hüseyn Həsənov 4 illik qiyabi həbs hökmündən apellyasiya şikayəti verib
Çirkli pulların leqallaşdırılması işi üzrə qiyabi olaraq dörd il müddətinə azadlıqdan məhrum edilən azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənov barəsində çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Xeberhub.com xəbər verir ki, bu barədə məhkəmədən TASS-a məlumat verilib.
Məhkəmənin açıqlamasına əsasən, Həsənov barəsində çıxarılmış qiyabi hökmlə bağlı apellyasiya şikayəti artıq daxil olub. Şikayətə növbəti mərhələdə Moskva Şəhər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Moskvanın Presnenski Rayon Məhkəməsi avqustun 4-də Həsənovu maliyyə vəsaitlərinin leqallaşdırılması işi üzrə qiyabi olaraq dörd il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, ona 1 milyon rubl məbləğində cərimə təyin olunub.
Məhkəmənin qərarına əsasən, bloqerin Moskva-Siti kompleksində yerləşən və təxminən 46 milyon rubl dəyərində qiymətləndirilən əmlakı da dövlətin xeyrinə müsadirə edilib. Hökm qiyabi olduğundan cəzanın müddəti Həsənovun saxlanıldığı və ya ekstradisiya edildiyi tarixdən hesablanacaq.
Müdafiə tərəfi daha əvvəl məhkəmənin qərarı ilə razı olmadığını açıqlamış və apellyasiya şikayəti verəcəyini bildirmişdi. Vəkil Mixail Yusupov müdafiənin bəraət hökmü və ya işin prokurora qaytarılması barədə vəsatət verdiyini, lakin məhkəmənin bu arqumentləri nəzərə almadığını bildirib.