Xeberhub.com APA-ya istinadən xəbər verir ki, MİDA-dan güzəştli şərtlərlə mənzil əldə etmək vədi ilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxslər barəsində məhkəmə qərarı verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işi üzrə hökm elan olunub.
Məhkəmənin qərarına əsasən, Şəmsiyyə İsmayılova, Rasim Əliyev və Anar Həziyev 6 il müddətinə, Ruslan Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər vətəndaşlara MİDA vasitəsilə güzəştli mənzil əldə etmək imkanı yaradacaqlarını vəd edərək onlardan pul alıblar. İttihama görə, həmin vəsaitlər mənimsənilib və nəticədə zərərçəkənlərə külli miqdarda maddi ziyan dəyib.
Şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə ümumi ziyanın 240 min manatdan çox olduğu bildirilib.