Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə keçirilən birgə mətbuat konfransında iki ölkə arasındakı ticarət əlaqələrindən və enerji əməkdaşlığından danışıb.
Dövlət başçısı bildirib ki, ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi təxminən 1,5 milyard dollar təşkil edib. Prezident qeyd edib ki, Azərbaycanın Almaniyaya ixracında əsas payı xam neft təşkil edir.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan Almaniyanın ehtiyac duyduğu həcmdə neft tədarük etmək imkanına malikdir. Onun sözlərinə görə, bu tədarük həm ölkənin daxili resursları, həm də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) treydinq bölməsi vasitəsilə həyata keçirilə bilər.
Prezident əlavə edib ki, enerji sahəsində əməkdaşlıq istiqamətində hər hansı maneə mövcud deyil və Azərbaycan etibarlı tərəfdaş kimi öz imkanlarını təqdim etməyə hazırdır.