Xeberhub.com "The Guardian"a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Kanadanı meşə yanğınları ilə bağlı tənqid etməsindən sonra Britaniya Kolumbiyası əyaləti ABŞ ərazisindən yayılan tüstülə əlaqədar hava keyfiyyəti barədə xəbərdarlıq yayımlayıb.
Əyalət rəsmilərinin məlumatına görə, ABŞ-ın şimal-qərb bölgələrində davam edən meşə yanğınlarından yaranan tüstü sərhədi keçərək Kanada ərazisinə yayılır.
Britaniya Kolumbiyası Meşə Yanğınları ilə Mübarizə Xidmətinin mütəxəssisləri bildiriblər ki, bölgədə müşahidə olunan hava çirkliliyinin əsas səbəbi ABŞ-ın Oreqon və Vaşinqton ştatlarında baş verən yanğınlardır.
Amerikanın Şimal-Qərb İdarələrarası Koordinasiya Mərkəzinin məlumatına əsasən, hazırda Vaşinqton və Oreqon ştatlarında 22 böyük meşə yanğını davam edir.
Yanğınların yaratdığı tüstü səbəbindən Britaniya Kolumbiyasının ABŞ sərhədinə yaxın yerləşən Krenbruk və Kuteney-Leyk ərazilərində xüsusi hava keyfiyyəti xəbərdarlığı qüvvədə saxlanılır.
Qeyd edək ki, Donald Tramp iyulun 17-də "Truth Social" hesabında Kanadadakı meşə yanğınlarının ABŞ-da havanın çirklənməsinə səbəb olduğunu iddia edib. O, bu vəziyyətə görə Kanadadan alınan gömrük rüsumlarına əlavə ödənişlərin daxil edilməsinin vacibliyini bildirib.
Bununla yanaşı, CNN-in ABŞ hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Evin Kanada məhsullarına tətbiq etdiyi yeni tariflərin meşə yanğınları və tüstü məsələsi ilə bağlı olmadığı bildirilib.
Məlumata görə, Tramp Kanadadan idxal edilən bəzi məhsullara əlavə 50 faiz gömrük rüsumu tətbiq edən yeni qərara imza atıb.