İsmayıllı rayonunda baş verən yol qəzasında xəsarət alan sürücünün səhhəti ilə bağlı məlumat verilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hadisə zamanı yaralanan 1970-ci il təvəllüdlü kişi iyulun 20-də saat 08:00 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Həkim müayinəsi zamanı ona sağ baldır sümüklərinin diafiz nahiyəsində yerdəyişən sınıq diaqnozu qoyulub. Yaralıya lazımi tibbi yardım göstərilib və müalicəsi hazırda xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Tibb müəssisəsindən verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi iyulun 20-də səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində baş verib.
Hadisə zamanı İlham Rəsul oğlu Məmmədovun idarə etdiyi “Lexus” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində sürücü müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.