İstanbulda məscid üçün nəzərdə tutulan tikinti materiallarını oğurlayan 4 Azərbaycan vətəndaşı saxlanılıb
İstanbulun Şile rayonunda məscidin dəstəmaz fəvvarəsinin tikintisi üçün nəzərdə tutulan inşaat materiallarının oğurlanması ilə bağlı 4 nəfər saxlanılıb.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın Qaynarinfo-ya istinadən yaydığı məlumata görə, hadisə avqustun 5-də gecə saatlarında Geveze Yokuşu ərazisində, Meydan küçəsində baş verib.
Şilədə tikinti işlərində çalışdıqları bildirilən Azərbaycan vətəndaşları N.M., N.N., R.A. və H.A. Kılıçarslan məscidinin tikintisi davam edən dəstəmaz fəvvarəsinə aid inşaat materiallarını oğurlamağa cəhd edərkən polis tərəfindən saxlanılıblar.
Hadisə ərazidən keçən şəxslərdən birinin gecə saatlarında qırmızı rəngli mikroavtobusa tikinti materialları yükləyən şəxsləri görərək polisə məlumat verməsindən sonra üzə çıxıb. Əraziyə gələn polis əməkdaşları şübhəliləri materialları avtomobilə yerləşdirərkən cinayət başında yaxalayıblar.
Şile polisinin araşdırması zamanı oğurlandığı bildirilən tikinti materialları Kabakoz kəndində yerləşən daş ev tikintisinin ərazisində aşkarlanıb. Materialların ümumi bazar dəyərinin təxminən 150 min Türkiyə lirəsi, yəni 5 300 manat olduğu qeyd edilib.
Hadisədən sonra saxlanılan 4 nəfərin Türkiyədən deportasiya edildiyi bildirilib. Araşdırma zamanı tikinti işlərinin qanunsuz aparıldığı da müəyyənləşdirilib. Bununla əlaqədar Şile Bələdiyyəsi tərəfindən obyekt möhürlənib.
Oğurlanan tikinti materialları isə sahibinə geri qaytarılıb.