Xeberhub.com "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, "Neftçi" və "Qarabağ" futbol klublarının Avropa kubokları çərçivəsində keçirəcəkləri oyunlarla əlaqədar metropolitenin iş rejimi gücləndiriləcək.
Məlumata görə, azarkeş axınının çox olacağı nəzərə alınaraq, iyulun 22 və 23-də Bakı metrosunda xüsusi əməliyyat planı tətbiq ediləcək.
İyulun 22-də "Neftçi" – "Dinamo" (Belarus) oyunu ilə əlaqədar "Xalqlar dostluğu" stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq, sərnişin axınına nəzarət gücləndiriləcək və xüsusi növbətçilik təşkil ediləcək.
İyulun 23-də isə "Qarabağ" – ÇSKA (Bolqarıstan) qarşılaşması zamanı "Gənclik", "28 May" və "Nərimanov" stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Bakı Metropoliteni" bildirib ki, ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq. Həmçinin oyunlardan sonra sərnişin sıxlığından asılı olaraq digər stansiyalarda da qatarların hərəkəti operativ şəkildə tənzimlənəcək.
Qeyd olunub ki, bütün bunlara baxmayaraq, hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil ediləcək.