Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə yeni xüsusi nümayəndənin təyin olunması məsələsinin hələ müzakirə olunduğunu bildirib.
Xeberhub.com xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bu məsələ ilə bağlı yekun qərarın qəbul edilmədiyini açıqlayıb.
Baş nazirin sözlərinə görə, Türkiyə ilə qarşılıqlı fəaliyyət formatının gələcəkdə necə davam etdiriləcəyi, eləcə də xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı yanaşma və mexanizmlər hazırda müzakirə edilir.
Paşinyan qeyd edib ki, müvafiq qərarların verilməsi üçün əvvəlcə əməkdaşlıq formatı müəyyənləşdirilməlidir və hazırda bu istiqamətdə məsləhətləşmələr davam edir.
Xatırladaq ki, indiyədək Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsini Ruben Rubinyan icra edirdi. Lakin hakim Vətəndaş Sazişi Partiyası seçkilərdə qələbə qazandıqdan sonra onun namizədliyini yeni formalaşacaq parlamentin sədri vəzifəsinə irəli sürüb.