Prezident xarici ticarətlə bağlı fərmanlarda dəyişiklik etdi
Prezident İlham Əliyev xarici ticarət və gömrük statistikasının təqdim edilməsi ilə bağlı qaydalarda dəyişiklik edib.
Xeberhub.com xəbər verir ki, yeni dəyişikliklə Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına əsasən, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xarici ticarətin gömrük statistikası üzrə məlumatların ünvanlandığı dövlət qurumlarının siyahısı genişləndirilib.
Belə ki, Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları barədə məlumatları hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankla yanaşı, bundan sonra Kənd Təsərrüfatı Nazirliyinə də müəyyən olunmuş formada təqdim edəcək.
Dəyişiklik həmçinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə Prezidentin 2011-ci il 15 sentyabr tarixli fərmanına da aiddir. Həmin fərmanda da Kənd Təsərrüfatı Nazirliyinin adı müvafiq məlumatların təqdim edildiyi qurumlar sırasına əlavə olunub.