Prezident İlham Əliyev "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Xeberhub.com xəbər verir ki, President.az-ın yaydığı məlumata əsasən, yeni qanunun əsas məqsədi iqtisadi fəaliyyət subyektlərinin, xüsusilə startapların, mikro, kiçik və orta sahibkarlıq (KOB) nümayəndələrinin alternativ maliyyə mənbələrinə çıxış imkanlarını genişləndirməkdir.
Qanuna əsasən, biznes subyektləri informasiya sistemləri və kapital bazarının imkanlarından istifadə etməklə daha çevik və davamlı maliyyələşmə mexanizmlərindən yararlana biləcəklər. Bununla yanaşı, kraudfandinq platformaları vasitəsilə maliyyələşmədə iştirak edən investorların hüquq və qanuni maraqlarının qorunması da təmin ediləcək.
Sənəd innovativ layihələrin maliyyə resurslarına çıxışını asanlaşdırmaq, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq və ölkədə alternativ investisiya mühitinin inkişafına dəstək vermək məqsədi daşıyır.
Bununla yanaşı, dövlət başçısı "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqinin təmin edilməsi barədə müvafiq fərman da imzalayıb.