“Qarabağ” Pedro Bikalyo üçün yeni təklifi də rədd etdi
Xeberhub.com xəbər verir ki, Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo üçün növbəti transfer təklifi göndərib.
Oxu.Az Braziliyanın “RTI Esporte” nəşrinə istinadən bildirir ki, “Botafoqo” 26 yaşlı futbolçunun transferi üçün 1,5 milyon ABŞ dolları, yəni təxminən 2,55 milyon manat ödəməyə hazır olub.
Lakin Ağdam təmsilçisi braziliyalı klubun təklifini qəbul etməyib və Pedro Bikalyonu komandada saxlamaq qərarına gəlib.
Məlumata görə, “Botafoqo”nun futbolçuya marağı yeni deyil. Braziliya klubu əvvəlki transfer pəncərəsində də yarımmüdafiəçi ilə bağlı iki təklif göndərib. Həmin variantlarda oyunçunun əvvəlcə icarəyə götürülməsi, daha sonra isə transfer hüquqlarının satın alınması nəzərdə tutulub. “Qarabağ” isə bu şərtlərlə razılaşmayıb.
Pedro Bikalyo ilə Rusiyanın “Rubin” klubu da maraqlanıb. Kazan təmsilçisi “Qarabağ”a futbolçu üçün 2,5 milyon ABŞ dolları, təxminən 4,25 milyon manat təklif edib. Buna baxmayaraq, Ağdam klubu daha yüksək məbləğli bu təklifi də geri çevirib.
“Qarabağ”ın mövqeyi klubun Pedro Bikalyonu satmağa tələsmədiyini göstərir. Bu səbəbdən futbolçu ilə maraqlanan klubların onun transferi üçün daha sərfəli maliyyə şərtləri təklif etməli olacağı bildirilir.
Qeyd edək ki, Pedro Bikalyo 2025-ci ildən “Qarabağ”ın formasını geyinir. Braziliyalı futbolçu daha əvvəl ölkəsində “Kruzeyro” və “Palmeyras” kimi klublarda çıxış edib.