Sumqayıtda avtomobil təmiri sexində yanğın baş verib
Sumqayıt şəhərində avtomobil təmiri sexi və ehtiyat hissələri mağazasında yanğın baş verib.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə şəhərin Koroğlu prospektində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.
Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb edilib.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında yerləşən və ümumi sahəsi 1600 kvadratmetr olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri mağazası kimi istifadə olunan hissədə baş verdiyi müəyyənləşdirilib. Yanğının digər obyektlərə yayılma riskinin yüksək olduğu bildirilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun digər obyektlərə keçməsinə imkan verilməyib və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində iki boksun yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Bitişik ərazidə yerləşən digər obyektlər alovdan mühafizə edilib.