Xeberhub.com xəbər verir ki, RTX şirkətinin prezidenti Kristofer Kalionun açıqlamasına əsasən, ABŞ ordusu son 30 ildən sonra ilk dəfə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün PAC-2 GEM-T tipli ələkeçirici raketlərin istehsalına dair daxili sifariş verib.
Kristofer Kalio bildirib ki, 2026-cı maliyyə ilinin ikinci rübündə şirkətə ümumi dəyəri təxminən 20 milyard dollar olan sifarişlər daxil olub. Bu portfelə xarici müştərilər üçün "Patriot" sistemlərinə aid GEM-T raketlərinin istehsalını nəzərdə tutan 5 milyard dollarlıq müqavilələr, eləcə də son üç onillikdə ilk dəfə ABŞ daxilindən verilən sifariş daxildir.
Məlumata görə, RTX "Patriot" hava hücumundan müdafiə kompleksləri və PAC-2 raketlərinin əsas istehsalçısıdır. PAC-3 raketlərinin istehsalı isə Lockheed Martin şirkəti tərəfindən həyata keçirilir.
Qeyd olunur ki, yeni istehsal razılaşması ABŞ-nin İranla bağlı hərbi əməliyyatlardan sonra hava hücumundan müdafiə raket ehtiyatlarının azalması fonunda imzalanıb.