Xeberhub.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə endirilən növbəti hərbi zərbələr dalğasının başa çatdığını açıqlayıb.
CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata görə, ardıcıl səkkizinci gecə həyata keçirilən əməliyyatlar zamanı İranın sahil müşahidə sistemləri, hava hücumundan müdafiə obyektləri, hərbi dəniz qüvvələrinə məxsus vasitələr, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar hədəfə alınıb.
Komandanlıq bildirib ki, zərbələr həmçinin iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə hücum etməkdə ittiham olunan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinə qarşı yönəlib.
Qeyd olunub ki, ABŞ hərbi əməliyyatlarının yeni mərhələsinin başlanması barədə məlumat iyulun 19-na keçən gecə açıqlanmışdı. Vaşinqton bu əməliyyatların İordaniyada ABŞ hərbçilərinə qarşı həyata keçirilən hücumlara cavab xarakteri daşıdığını bəyan edib.
Xatırladaq ki, bundan bir gün əvvəl rəsmi Tehran ABŞ ilə imzalanmış qarşılıqlı anlaşma memorandumundan irəli gələn öhdəliklərin icrasını dayandırdığını açıqlamışdı. Həmin gün CENTCOM İordaniyada baş verən hücum nəticəsində iki amerikalı hərbçinin həlak olduğunu bildirmişdi.