Xeberhub.com APA-ya istinadən xəbər verir ki, Ukraynanın Odessa şəhəri yaxınlığında dron hücumu nəticəsində həlak olan gəmi kapitanı Səməd Nəsrullayev doğulduğu Lənkəran rayonunda dəfn edilib.
Məlumata görə, kapitanın cənazəsi Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə gətirilərək ailəsinə təhvil verilib.
Ailə üzvləri və yaxınlarının iştirakı ilə keçirilən vida mərasimindən sonra Səməd Nəsrullayev son mənzilə yola salınıb və qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisinə dron hücumu həyata keçirilib. Hadisə zamanı gəminin ekipajında olan 11 nəfər Azərbaycan vətəndaşı da olub.