"Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya məhkəməsində ekspertiza təyin edildi
"Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.
Xeberhub.com xəbər verir ki, məhkəmə iclasında əvvəlcə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz etsə də, bu müraciət baxılmamış saxlanılıb.
Daha sonra zərərçəkmiş Sənubər Muradova ifadə verərək qəza nəticəsində eşitmə qabiliyyətini itirdiyini və təqsirləndirilən şəxsin tərəfdarları tərəfindən təhqirlərə məruz qaldığını bildirib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.
Şahid qismində dindirilən İlham İbrahimov isə qəza səsini eşitdikdən sonra hadisə yerinə yaxınlaşdığını, İlduzə Hacıyevanın özündən getdiyini və onu xəstəxanaya apardığını deyib.
Sənədlərin araşdırılması mərhələsində müdafiə tərəfi qəzanın başvermə səbəblərinin daha dəqiq müəyyənləşdirilməsi məqsədilə kompleks avtotexniki ekspertizanın təyin olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edib və ekspertiza rəyi təqdim edilənədək proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, birinci instansiya məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Hadisə 2025-ci ilin iyun ayında Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. İstintaqın məlumatına görə, onun idarə etdiyi "Changan" markalı avtomobil sola dönmə manevri zamanı "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza zamanı sürücü Amal Məlikov hadisə yerində həyatını itirib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb.
İlduzə Hacıyevaya Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham irəli sürülüb.