ABŞ ordusu İrana qarşı yeni hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb.
Xeberhub.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, həyata keçirilən zərbələr İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə qarşı istifadə etdiyi hərbi imkanların zəiflədilməsi məqsədi daşıyıb.
Məlumatda bildirilib ki, əməliyyat çərçivəsində İranın müxtəlif hərbi hədəflərinə dəqiq zərbələr endirilib.
Daha sonra CENTCOM əməliyyatın başa çatdığını açıqlayıb. Qeyd olunub ki, təxminən 90 dəqiqə davam edən hücum zamanı Böyük Tunb adasında yerləşən sahil müdafiə sistemləri, qanadlı raketlərin saxlanıldığı anbarlar və raket buraxılış mövqeləri yüksək dəqiqlikli sursatlarla vurulub.
ABŞ ordusu əməliyyatın məqsədinin İranın bölgədəki hərbi imkanlarını zəiflətmək olduğunu bildirib.
İran tərəfi isə hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib və zərbələrin nəticələri barədə məlumat paylaşmayıb.