SEPAH ABŞ-nin İrana endirdiyi hücumlara cavab veriləcəyini açıqlayıb.
Xeberhub.com xəbər verir ki, İranın rəsmi məlumatına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 30-da ABŞ-nin Yaxın Şərqdə yerləşən obyektlərinə qarşı cavab tədbirlərinin görüləcəyi ilə bağlı bəyanat yayıb. Bildirilir ki, bu açıqlama ABŞ-nin gecə saatlarında İran ərazisinə təşkil etdiyi hərbi əməliyyatlara cavab xarakteri daşıyır.
SEPAH-ın bəyanatında "Qadir Allahın köməyi ilə işğalçı bu gün cəzalandırılacaq" ifadəsi yer alıb.
Məlumata görə, ABŞ-nin gecə həyata keçirdiyi əməliyyatlar zamanı SEPAH-a aid olduğu bildirilən çoxsaylı hərbi obyektlər hədəfə alınıb. İddialara əsasən, idarəetmə mərkəzləri, pilotsuz uçuş aparatlarının və raket sistemlərinin yerləşdiyi mövqelər, eləcə də sahil mühafizəsi infrastrukturu zərər görüb.
Digər tərəfdən, "The Wall Street Journal"ın ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqton regionda genişmiqyaslı müharibənin başlanmasında maraqlı deyil. Nəşrin mənbələri bildiriblər ki, gecə həyata keçirilən əməliyyatların intensiv olmasına baxmayaraq, bunun Yaxın Şərqdə yeni genişmiqyaslı hərbi qarşıdurmanın başlanğıcı kimi qiymətləndirilməsi doğru olmaz.