"Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın hökmündən apellyasiya şikayəti verilib
XeberHub.com xəbər verir ki, bu barədə Axar.az APA-ya istinadən məlumat yayıb.
Məlumata görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə məhkum edilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verilib.
Bildirilib ki, işə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası iyulun 22-nə təyin olunub.
Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və hökm elan olunduqdan sonra məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Bakının Mərdəkan qəsəbəsində baş verib. İstintaqın məlumatına görə, İlduzə Hacıyeva dönmə əməliyyatı zamanı arxadan gələn avtomobilin qarşısına çıxıb. Nəticədə digər avtomobil idarəetməni itirərək qəzaya uğrayıb.
Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.
İlduzə Hacıyevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə yekun ittiham irəli sürülüb.