SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Astaranın Siyov kəndi FAO tərəfindən beynəlxalq təltifə layiq görüldü

👤 📅 👁 10 baxış ⏱ 3 dəq oxuma
Astaranın Siyov kəndi FAO tərəfindən beynəlxalq təltifə layiq görüldü

Xeberhub.com xəbər verir ki, FAO Azərbaycanın Mətbuat Xidmətinin yaydığı məlumata görə, Astara rayonunun Siyov kəndi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi Kəndlərin Tanınması Təşəbbüsü çərçivəsində xüsusi təltifə layiq görülüb.

Bildirilib ki, kənd dayanıqlı və inklüziv inkişafın təşviqi, yerli irsin, ənənələrin və biomüxtəlifliyin qorunması istiqamətində göstərdiyi fəaliyyətə görə beynəlxalq səviyyədə qiymətləndirilib.

FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat Lənkəran-Astara bölgəsinə səfəri zamanı Siyov kəndinin nümayəndələri ilə görüşərək onlara rəsmi təqdir sertifikatını təqdim edib. O vurğulayıb ki, bu mükafat kənd icmasının dayanıqlı inkişaf və təbii irsin qorunması sahəsində gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Səfər çərçivəsində FAO nümayəndəsi Hirkan Milli Parkına da baş çəkib. Burada park rəhbərliyi ilə keçirilən görüşdə Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyə dəstəyi ilə həyata keçirilən "Biomüxtəlifliyin mühafizəsi və dayanıqlı istifadəsi" layihəsinin icrası ilə bağlı görülən işlər nəzərdən keçirilib.

Nümayəndə heyəti layihə çərçivəsində həyata keçirilən bir sıra infrastruktur layihələri ilə də tanış olub. Yeni inzibati binanın tikintisi üçün ayrılmış əraziyə baxış keçirilib, hasarlanacaq sahələr qiymətləndirilib, həmçinin Daştatük kəndində icma üçün çəkilən suvarma xəttində aparılan tikinti işləri yerində izlənilib və yerli sakinlərlə görüş keçirilib.

Qeyd edək ki, FAO-nun Kəndlərin Tanınması Təşəbbüsü təşkilatın 80 illiyi münasibətilə yaradılıb. Layihə dayanıqlı aqrar inkişaf, biomüxtəlifliyin qorunması, qida ənənələrinin yaşadılması və kənd icmalarının inkişafına töhfə verən yaşayış məntəqələrinin beynəlxalq səviyyədə tanınmasını hədəfləyir.

Məlumata görə, indiyədək dünyanın müxtəlif regionlarından 69 ölkəni təmsil edən 300-dən çox kənd bu təşəbbüsə qoşulub. Təltif olunan kəndlər FAO-nun rəqəmsal sertifikatı ilə mükafatlandırılır və təşkilatın beynəlxalq şəbəkəsinə daxil edilir.

A

Oxşar Xəbərlər