Xeberhub.com xəbər verir ki, AZƏRTAC-ın yaydığı məlumata görə, iyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanan sənədlərin mübadiləsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak ediblər.
Əvvəlcə dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.
Daha sonra iqtisadiyyat, nəqliyyat, energetika, statistika, kibertəhlükəsizlik və maliyyə sahələrini əhatə edən bir sıra sənədlər mübadilə olunub. Sənədlər arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti ilə bağlı əlavə saziş, beynəlxalq avtomobil əlaqələri haqqında saziş, yükdaşımaları, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlığa dair memorandum, neft məhsullarının tədarükü və energetika üzrə 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsi, eləcə də 2024–2029-cu illər üzrə əməkdaşlıq proqramının icrasına dair Yol Xəritəsi yer alıb.
Mərasim çərçivəsində həmçinin statistika, kibertəhlükəsizlik və maliyyə bazarlarının tənzimlənməsi sahələrində əməkdaşlığa dair anlaşma memorandumları mübadilə edilib.
İki ölkə arasında regional əməkdaşlığın genişləndirilməsi məqsədilə Şuşa və Çolpon-Ata, Qəbələ və Karakol, eləcə də Gəncə və Oş şəhərləri arasında qardaşlaşma və qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Bundan başqa, "AzerGold" QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair memorandum da mübadilə olunub.