Xeberhub.com xəbər verir ki, AZƏRTAC-ın yaydığı məlumata görə, iyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov birgə mətbuat bəyanatları ilə çıxış ediblər.
Əvvəlcə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov bildirib ki, Prezident İlham Əliyevin dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə yeni təkan verəcək. Onun sözlərinə görə, Azərbaycan və Qırğızıstan qarşılıqlı dəstək nümayiş etdirir və siyasi dialoq hazırda ən yüksək səviyyədədir.
Sadır Japarov qeyd edib ki, tərəflər Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində əməkdaşlığın bütün istiqamətləri üzrə geniş müzakirələr aparıblar. O vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcıdır.
Qırğızıstan Prezidenti əlavə edib ki, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsi və digər sahələri əhatə edən mühüm sənədlər imzalanıb. Onun sözlərinə görə, Azərbaycan-Qırğız İnvestisiya Fondu çərçivəsində üç layihənin açılışı olub, daha səkkiz layihənin icrasına isə start verilib.
Prezident İlham Əliyev çıxışında göstərilən qonaqpərvərliyə görə Qırğızıstan tərəfinə təşəkkür edib və bildirib ki, imzalanan müttəfiqlik müqaviləsi iki ölkə arasında münasibətləri ən yüksək səviyyəyə yüksəldir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Qırğızıstan bundan sonra da beynəlxalq platformalarda, iqtisadi-ticari əməkdaşlıqda və təhlükəsizlik məsələlərində bir-birinə dəstəyini davam etdirəcək.
İlham Əliyev həmçinin Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığın əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, fond çərçivəsində həyata keçirilən layihələr yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun artırılmasına və iqtisadi əlaqələrin güclənməsinə xidmət edəcək.
Prezident, həmçinin İssık-Kul sahilində Azərbaycan tərəfindən inşa edilən "Bakı" adlı ilk beşulduzlu hotelin açılışının baş tutacağını, Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstana minnətdar olduqlarını və humanitar-mədəni əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Çıxışının sonunda İlham Əliyev Prezident Sadır Japarovu münasib vaxtda Azərbaycana növbəti dövlət səfərinə dəvət edib.