Bakıda mənzil almaq istəyən vətəndaş illərdir həllini tapmayan problemlə üzləşdiyini iddia edir.
Xeberhub.com xəbər verir ki, Milli.Az-ın yaydığı məlumata görə, Bakı sakini Mehriban Həsənova dörd il əvvəl akademik Həsən Əliyev prospektində inşa edilən yaşayış binasından mənzil almaq üçün 80 min manat ödədiyini və bununla bağlı müqavilə bağladığını bildirib.
Onun sözlərinə görə, sonradan məlum olub ki, müqavilədə göstərilən mənzil faktiki olaraq mövcud deyil. İddia edilir ki, mənzil binanın 11-ci mərtəbəsində yerləşməli olsa da, təsdiq edilmiş layihəyə əsasən bina cəmi 10 mərtəbədən ibarətdir.
Bu səbəbdən vətəndaş nə mənzilini təhvil ala, nə də ödədiyi məbləği geri qaytara bildiyini bildirir.
Məlumata görə, aparılan araşdırmalar zamanı binanın tikintisinin hələ 2020-ci ildə aidiyyəti qurumların qərarı ilə dayandırıldığı və əlavə mərtəbələrin inşasına icazə verilmədiyi müəyyən edilib. Buna baxmayaraq, iddialara əsasən, "MM Park" MMC tərəfindən tikintisinə icazə verilməyən mərtəbədə yerləşən mənzil alıcılara satılıb.
Məsələ ilə bağlı şirkətdən bildirilib ki, hazırda iş məhkəmə baxışında olduğundan hadisə barədə rəsmi açıqlama vermək mümkün deyil.
Şərhlər (0)
Şərh yazın