Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasında mühüm rol oynayır
İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Forumda 53 ölkədən 160 iştirakçı, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan çox media qurumu və 10 beynəlxalq təşkilat və təsisatın təmsilçiləri iştirak edib. Bu göstəricilər tədbirin beynəlxalq informasiya məkanında aktual məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrildiyini nümayiş etdirir.
Forumun əsas məqsədlərindən biri sülhün, obyektiv informasiyanın və qarşılıqlı etimadın təşviq edilməsidir. Tədbir çərçivəsində medianın regional və qlobal sülh proseslərində rolu, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq media nümayəndələri arasında dialoqun inkişaf etdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.
Şuşa Qlobal Media Forumu eyni zamanda Azərbaycanın Qarabağ həqiqətlərini beynəlxalq auditoriyaya təqdim etmək, xarici jurnalist və ekspertləri bölgədəki reallıqlarla tanış etmək baxımından mühüm əhəmiyyət daşıyır. Forum iştirakçılarına Qarabağda həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə məlumatların yerində təqdim olunması Azərbaycanın informasiya siyasətinin vacib istiqamətlərindən biridir.
Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda iştirak edərək jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısının çıxışında regional təhlükəsizlik, Azərbaycan-Ermənistan sülh prosesi, Azərbaycanın Türkiyə, ABŞ, Rusiya, Pakistan, Fransa, İran və Avropa İttifaqı ilə münasibətləri, milli təhlükəsizlik məsələləri, xarici siyasətin prioritetləri və nəqliyyat imkanları ilə bağlı mühüm açıqlamalar səsləndirilib.
Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Azərbaycan və Türkiyə yalnız dost və qardaş deyil, eyni zamanda müttəfiq ölkələrdir.
Azərbaycan-ABŞ münasibətlərinə toxunan dövlət başçısı 907-ci düzəlişin tarixi və bugünkü reallıqlara uyğun olmaması məsələsinə diqqət çəkib. O qeyd edib ki, hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və müxtəlif sahələrdə əməkdaşlıq genişlənir.
Prezident Azərbaycanın Rusiya ilə münasibətlərinin də regional baxımdan əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, dəyişən Cənubi Qafqaz reallıqları yeni yanaşmalar tələb edir və regionda marağı olan bütün tərəflər ölkələrlə fərdi əməkdaşlıq formatlarını inkişaf etdirməlidir.
Ermənistanla münasibətlərin normallaşması və nəqliyyat əlaqələrinin bərpasının region üçün yeni imkanlar yaradacağını vurğulayan İlham Əliyev bildirib ki, Cənubi Qafqaz gələcəkdə sülh, əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələr məkanı olmalıdır.
Bütün bunlar göstərir ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın diplomatik təşəbbüslərini, informasiya siyasətini və beynəlxalq əlaqələrini bir araya gətirən mühüm platformalardan birinə çevrilib.
Əli Məsimli
Milli Məclisin deputatı