Xeberhub.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində aparılan işlərlə tanış olublar.
Dövlət başçıları burada Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya liderlərinə kənddə görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verib.
Qeyd olunub ki, Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və dəmir yolu xəttinin yaxınlığında, Ağdam şəhərindən 18 kilometr məsafədə yerləşir. Uzun illər işğal altında olan kənd 2020-ci il noyabrın 20-də azad edilib. Kəndin təməli Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 24-də qoyulub.
Hazırda yaşayış məntəqəsində sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılır. Burada inzibati binalar, tibb məntəqəsi, məktəb və uşaq bağçalarının inşası nəzərdə tutulur.
Kənddə 35 kilometr uzunluğunda yollar çəkilir, elektrik, qaz, su, rabitə və kanalizasiya sistemləri qurulur. Enerjiyə qənaət məqsədilə alternativ enerji mənbələrindən istifadəyə də yer veriləcək.
Prezidentlərə təqdim olunan məlumata görə, məktəb binası 3 hektar ərazidə inşa ediləcək. Təhsil müəssisəsində 35 sinif otağı, laboratoriyalar, kompüter otaqları, kitabxana, idman və akt zalları, eləcə də digər zəruri bölmələr fəaliyyət göstərəcək.
Məktəbin elektrik təminatı üçün günəş panellərinin quraşdırılması planlaşdırılır. Ərazidə idman meydançaları, istirahət zonaları və yaşıllıq sahələri yaradılacaq.
Bildirilib ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edir. Məktəb binası isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.
Daha sonra Azərbaycan və Slovakiya prezidentləri kənddə inşa olunan evlərdən birində yaradılan şəraitlə tanış olublar.
Məlumata görə, ümumi sahəsi 480 hektara yaxın olan Baş Qərvənd kəndinin tikintisi iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə 200 hektardan çox ərazidə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev tikiləcək.