Xeberhub.com xəbər verir ki, Naxçıvanda iki dövlət qurumunun birləşdirilməsi yolu ilə yeni publik hüquqi şəxs yaradılıb.
Qərara əsasən, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yenidən təşkil olunaraq Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə çevrilib.
Yeni qurum Naxçıvanda icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlərin maliyyələşdirilməsi, sığorta vəsaitlərinin idarə olunması, əlilliyin müəyyən edilməsi və hərbi xidmətə çağırılan şəxslərin yekun tibbi müayinəsinin təşkili istiqamətlərində fəaliyyət göstərəcək.
Bildirilib ki, yeni yaradılan Agentlik əvvəlki iki qurumun hüquqi varisi olacaq. Onların hüquq və öhdəlikləri, eləcə də əmlakı yeni quruma ötürüləcək.
Eyni zamanda, dərman və tibbi vasitələrlə təminatla bağlı bəzi funksiyalar Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə, reabilitasiya xidmətləri və müəssisələri ilə bağlı səlahiyyətlər isə Sosial Xidmətlər Agentliyinə veriləcək.
Agentliyin idarə olunması üçün sədr və iki müavindən ibarət İdarə Heyəti yaradılacaq. Qurumun fəaliyyəti Naxçıvan büdcəsi, icbari tibbi sığorta fondunun vəsaitləri və digər qanuni mənbələr hesabına maliyyələşdiriləcək.
Qərar iyulun 13-də imzalanıb və həmin tarixdən qüvvəyə minib.