Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
XeberHub.com xəbər verir ki, AZƏRTAC-ın yaydığı məlumata görə, dövlət başçısı təbrikində Məhəmməd Muizzuya və Maldiv xalqına səmimi arzularını çatdırıb.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Maldiv arasında münasibətlərin inkişaf dinamikası və qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsi məmnunluq doğurur. Məktubda qeyd olunub ki, iki ölkə arasında birbaşa aviareyslərin açılması, eləcə də ümumvətəndaş pasportu sahibləri üçün vizasız gediş-gəlişin tətbiqi insanlararası əlaqələrin, xüsusilə turizm sahəsinin inkişafına mühüm töhfə verib.
Dövlət başçısı bildirib ki, bu il diplomatik münasibətlərin qurulmasının 20 illiyi qeyd olunur və bu münasibətlə ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə, əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Sonda Prezident İlham Əliyev Məhəmməd Muizzuya möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Maldiv xalqına isə davamlı əmin-amanlıq və rifah arzulayıb.