Kürdəmir rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
XeberHub.com xəbər verir ki, Report-un yaydığı məlumata görə, qəza Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun 26-cı kilometrliyində, Təklə kəndi ərazisindən keçən hissədə baş verib.
İlkin məlumata əsasən, "Daewoo" markalı minik avtomobili yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Toqquşmanın təsirindən həmin nəqliyyat vasitəsi hərəkətdə olan digər VAZ-2106 markalı avtomobilə dəyib.
Zəncirvari qəza nəticəsində VAZ-2106 markalı avtomobillərdən biri aşıb. Bu zaman avtomobilin yaxınlığında olan rayon sakinləri – 34 yaşlı Kamran Məmmədov və 27 yaşlı Əlismayıl Əliyev aşan nəqliyyat vasitəsinin altında qalaraq ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bildirilir ki, zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.