İranın İordaniyadakı hərbi obyektə endirdiyi raket zərbəsi nəticəsində ABŞ-a məxsus F-35 qırıcılarının məhv edildiyi iddia olunur.
Xeberhub.com xəbər verir ki, "Fars" agentliyinin yaydığı məlumata əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən “Əl-Əzraq” aviabazasına raket hücumu həyata keçirib.
Məlumatda bildirilir ki, əməliyyat ABŞ-ın Qəşm adasına endirdiyi və nəticədə iki valideynlə bir uşağın həyatını itirdiyi zərbəyə cavab olaraq təşkil edilib. Hücum zamanı ABŞ-ın F-35 qırıcılarının yerləşdiyi perron və texniki xidmət anqarının bir neçə ballistik raketlə vurulduğu qeyd edilir.
İddialara görə, zərbə nəticəsində üç ədəd F-35 döyüş təyyarəsi tamamilə sıradan çıxıb, daha üç qırıcı isə ciddi zədələnib.
Bundan əlavə, açıqlamada hücum zamanı ABŞ ordusunun bir sıra zabitləri və texniki xidmət heyətinin üzvlərinin də həlak olduğu irəli sürülür.
Qeyd: Bu məlumat yalnız "Fars" agentliyi tərəfindən yayılıb. Xəbərdə yer alan iddialarla bağlı ABŞ və ya digər müstəqil rəsmi mənbələr tərəfindən hələlik təsdiq verilməyib.