SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Gürcüstandakı kütləvi elektrik kəsintisi ilə bağlı cinayət işi açıldı

👤 📅 👁 4 baxış ⏱ 3 dəq oxuma
Gürcüstandakı kütləvi elektrik kəsintisi ilə bağlı cinayət işi açıldı

Gürcüstanda iki gün ardıcıl baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cinayət işi başladıb.

XeberHub.com xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, araşdırma ölkənin Cinayət Məcəlləsinin dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə mühüm obyektlərin fəaliyyətinə mane olma, onlara zərər vurma və ya məhv etməni nəzərdə tutan 318-ci maddəsi üzrə aparılır.

Məlumata əsasən, iyulun 25-i səhər saatlarında, yerli vaxtla təxminən 08:00-da paytaxt Tbilisi ilə yanaşı, ölkənin bir sıra bölgələrində elektrik enerjisinin verilişi dayanıb. Bundan bir gün əvvəl – iyulun 24-nə keçən gecə də Tbilisi, Batumi, Kutaisi və digər iri şəhərlər daxil olmaqla, demək olar ki, bütün Gürcüstan işıqsız qalmışdı. Həmin vaxt mobil rabitə xidmətlərində də fasilələr qeydə alınmışdı.

Gürcüstan Dövlət Elektrik Sistemi daha sonra ölkə üzrə elektrik enerjisi təchizatının tam bərpa edildiyini açıqlayıb.

Qafqazın ən böyük hidroelektrik stansiyası olan İnquri SES-in direktoru Levan Meboniyanın "TV Pirveli" telekanalına verdiyi məlumata görə, qəzanın səbəbi 500 kilovoltluq "İmereti" elektrik verilişi xəttində baş verən nasazlıq olub.

Onun sözlərinə görə, xətt şəbəkədən ayrıldıqdan sonra enerji sisteminin iş rejimi pozulub və nəticədə bütün enerji sistemi çöküb. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bundan əvvəl Sputnik Gürcüstan bərpa işlərinin mərhələli şəkildə həyata keçirildiyini və ölkə üzrə elektrik enerjisinin qısa müddətdə tam bərpa olunacağını bildirmişdi.

İlk məlumatları isə TASS yayıb. Agentlik qeyd etmişdi ki, Tbilisi, Ozurgeti, Poti və Rustavidə elektrik enerjisinin kəsilməsi səbəbindən işıqforlar, mağazalar və su nasosları fəaliyyətini dayandırıb, nəticədə paytaxtın bəzi ərazilərində su təchizatında da problemlər yaranıb.

A

Oxşar Xəbərlər