Xeberhub.com xəbər verir ki, Norveç millisinin hücumçusu Erlinq Holand ABŞ-nin Texas ştatının Dallas şəhərində etdiyi qeyri-adi alış-verişi ilə diqqət çəkib.
TMZ-nin məlumatına görə, dünya çempionatındakı çıxışını başa vuran futbolçu vestern üslublu geyim və suvenir mağazasında təxminən 10 min dollar xərcləyib. Holandın aldığı ən maraqlı əşyalardan biri isə yenot müqəvvası olub.
Norveç millisi 1/4 finalda İngiltərəyə əlavə vaxtda 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Komandanı daşıyan təyyarə dünən axşam Osloya enib. Holand sosial şəbəkədə paylaşdığı fotoda təyyarədən enərkən əlində yenot müqəvvası ilə görüntülənib.
Mağaza sahibinin sözlərinə görə, futbolçu komanda yoldaşları ilə birlikdə mağazada bir saatdan artıq vaxt keçirib. Onlar kovboy şlyapaları, yenot dərisindən papaqlar, çəkmələr, kəmərlər və köynəklər alıblar. Bildirilib ki, alış-verişin ümumi məbləğini Holand özü ödəyib.