İlin ikinci Günəş tutulması başlayıb: Azərbaycandan müşahidə olunmur
Avqustun 12-də 2026-cı ilin ikinci və sonuncu Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulmasıdır və 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarı hesab olunur. Buna bənzər növbəti tutulmanın 2044-cü il avqustun 23-də baş verəcəyi bildirilir.
Xeberhub.com xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, tutulmanın qismən fazası Bakı vaxtı ilə saat 19:34-də başlayıb və 23:57-də başa çatacaq. Hadisənin maksimumu saat 21:46-da qeydə alınacaq.
Mərkəzi tutulma saat 20:57-də başlayacaq və 22:30-da sona çatacaq. Tam Günəş tutulması zamanı Ay Günəşlə Yer arasında keçərək Günəş diskini tamamilə örtür və Ayın kölgəsi Yer səthinə düşür.
Məlumata görə, avqustun 12-də Yer ilə Ay arasındakı məsafə təxminən 359 445 kilometr təşkil edir. Bu səbəbdən Ayın görünən diametri Günəşin görünən diametrindən 1,0386 dəfə böyük olacaq.
Tutulmanın tam fazası Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniya və Rusiyanın Krasnoyarsk şəhərində müşahidə edilə biləcək. Hadisənin qismən fazası isə Avropanın, Şimali Amerikanın və Afrikanın bəzi ərazilərindən görünəcək. Tam tutulmanın maksimum müddəti 2 dəqiqə 18 saniyə olacaq.
Günəş tutulmasını Azərbaycan ərazisindən müşahidə etmək mümkün olmayacaq.