Xeberhub.com xəbər verir ki, "Al Hadath" telekanalının yaydığı məlumata görə, İraq ərazisində fəaliyyət göstərən bəzi silahlı qruplaşmaların yaxın 48 saat ərzində pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə qonşu ölkələrə hücum hazırlığında olduqları iddia edilir.
Məlumata əsasən, telekanal bu informasiyanı İraqın təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən yayıb. Bildirilir ki, sözügedən xəbərdarlıq ölkənin Baş naziri Əli əz-Zeydinin keçirdiyi xüsusi təhlükəsizlik iclasında səsləndirilib. Lakin mümkün hücumların hansı ölkələri hədəf ala biləcəyi barədə məlumat verilməyib.
Xəbərdə qeyd olunur ki, Baş nazir Əli əz-Zeydi bundan əvvəl İraq ordusunun bölmələri və təhlükəsizlik qüvvələrinin döyüş hazırlığının artırılması barədə göstəriş verib.
Baş nazirin mətbuat xidmətinin açıqlamasına görə, bu qərar ölkədə təhlükəsizliyin gücləndirilməsi, hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi və vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.
Rəsmi qurumlar tərəfindən silahlı qruplaşmaların mümkün hücum planları ilə bağlı əlavə məlumat açıqlanmayıb.