Xeberhub.com xəbər verir ki, avqustun 8-də Mingəçevirdə, Kür çayının sahilində ənənəvi "Kürü keçək?!" açıq suda üzmə yarışı təşkil olunacaq.
Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Son illərdə ölkədə açıq suda üzmə üzrə ən böyük kütləvi idman tədbirlərindən birinə çevrilən yarışın əsas məqsədi sağlam həyat tərzinin təşviqi, su idman növlərinin populyarlaşdırılması və bu sahəyə marağın artırılmasıdır.
Bu il Mingəçevirdə beşinci dəfə keçiriləcək yarışa rekord sayda iştirakçı qeydiyyatdan keçib. Belə ki, ümumilikdə 616 nəfər yarışda iştirak edəcək. Onlardan ən kiçiyinin 12, ən yaşlı iştirakçının isə 79 yaşı var.
2026-cı ildə yarış ilk dəfə iki müxtəlif məsafədə təşkil ediləcək. Qeydiyyatdan keçənlərin 111 nəfəri 1000 metr, 505 nəfəri isə 350 metr məsafədə qüvvəsini sınayacaq.
İştirakçılar kişi və qadınlar arasında 12–17, 18–23, 24–35, 36–55, 56–70 və 71 yaşdan yuxarı olmaqla altı yaş kateqoriyasında mübarizə aparacaqlar.
Yarışın yekununda hər yaş qrupu üzrə ilk üç yeri tutan kişi və qadın iştirakçılar medal və mükafatlarla təltif olunacaqlar.