Braziliyalı tanınmış MMA döyüşçüsü Mişel Pereyranın UFC ilə yolu rəsmən ayrılıb.
Xeberhub.com xəbər verir ki, bu barədə "MMA Fighting" nəşrinin insayderi Gilyerme Kruz məlumat yayıb.
Məlumata əsasən, Pereyranın əvvəlki müqaviləsinin başa çatmasından sonra tərəflər yalnız bir döyüş üçün qısamüddətli razılaşma əldə ediblər. Həmin son qarşılaşma Bakıda təşkil olunan UFC turniri çərçivəsində baş tutub. Braziliyalı idmançı bu döyüşdə rusiyalı Şara Bullet (Şarabutdin Maqomedov) ilə üz-üzə gəlib və hakimlərin yekdil qərarı ilə məğlub olub.
Beləliklə, bu qarşılaşma Mişel Pereyranın UFC-də son döyüşü kimi tarixə düşüb. 32 yaşlı döyüşçü təşkilatdakı çıxışını 10 qələbə və 6 məğlubiyyət göstəricisi ilə başa vurub.
Xatırladaq ki, Bakıda keçirilən döyüşdən sonra Pereyra hakimlərin idarəçiliyini sərt tənqid etmişdi. O, rəqibi Şara Bulletin döyüş zamanı gözünə barmaq saldığını və saçından tutaraq qaydaları pozduğunu, buna baxmayaraq hakimlərin heç bir cəza tətbiq etmədiyini bildirmişdi.
Qeyd edək ki, gərgin keçən həmin qarşılaşma "Gecənin döyüşü" seçilib və qalib Şara Bullet 100 min dollar məbləğində xüsusi bonus qazanıb.