Müctəba Xameneinin səhhəti ilə bağlı yeni iddialar irəli sürüldü
İranın ali lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb.
Xeberhub.com xəbər verir ki, müxalif yönümlü "IranWire" nəşri Prezident Administrasiyasına yaxın olduğu bildirilən iki anonim mənbəyə istinadən məlumat yayıb.
İddiaya görə, Müctəba Xamenei atası Əli Xameneinin ölümünə səbəb olduğu bildirilən ABŞ və İsrail hücumlarından sonra İran hökumətinin heç bir üzvü ilə görüş keçirməyib.
Nəşrin yazdığına görə, onun səhhətinin ağır olması ilə bağlı müxtəlif məlumatlar dolaşır. Mənbələrdən biri vəziyyətin kritik olduğunu iddia edərək, yaxın vaxtlarda onun vəfatı ilə bağlı xəbərin gəlməsinin təəccüblü olmayacağını bildirib.
Məlumatda həmçinin qeyd olunur ki, Müctəba Xamenei ali lider vəzifəsinə gəldikdən sonra indiyədək ictimaiyyət qarşısında çıxış etməyib və onun hər hansı çıxışının görüntüləri yayımlanmayıb.
Qeyd edək ki, bu iddialar rəsmi Tehran tərəfindən təsdiqlənməyib və məsələ ilə bağlı İran hakimiyyət orqanları hələlik açıqlama verməyiblər.