Bakının mərkəzində binada baş verən yanğın məhdudlaşdırılıb
Bakının Səbail rayonunda yerləşən yaşayış binasında baş verən yanğının yayılmasının qarşısı alınıb.
Xeberhub.com xəbər verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində yerləşən binada qeydə alınıb.
Məlumata əsasən, yanğın barədə daxil olan məlumatdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində binada olan sakinlər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə ediliblər. Əraziyə polis əməkdaşları da cəlb olunaraq təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, binadakı arakəsmələrin taxta konstruksiyalardan ibarət olması alovun yayılma riskini artırsa da, yanğınsöndürənlərin operativ və peşəkar müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.