Xəbərhub.com xəbər verir ki, aktyor Taleh Yüzbəyov çəkildiyi reklam çarxında qadınların estetik əməliyyatları ilə bağlı səsləndirdiyi fikirlərə görə yaranan müzakirələrə münasibət bildirib.
Aktyor sosial şəbəkədə paylaşdığı videoda son günlər ünvanına həm tənqid, həm də təhqirlərin yazıldığını deyib. O bildirib ki, mövzu ilə bağlı kontent hazırlayan şəxslərə iradı yoxdur, lakin bəzi istifadəçilərin ailəsini hədəf almasını qəbuledilməz hesab edir.
Taleh Yüzbəyov qeyd edib ki, reklam çarxından sonra sosial şəbəkə hesablarının aktivliyi artıb və bu mövzudan kontent hazırlayanlara təşəkkür edib. Bununla yanaşı, bəzi şəxslərin təhqirə keçdiyini və həyat yoldaşına mesajlar yazıldığını bildirib.
Aktyor həyat yoldaşının estetik əməliyyat etdirmədiyini, yalnız bəzi kosmetoloji prosedurlardan istifadə etdiyini deyib.
“Rahat olun, estetik etdirməyib, bəzi prosedurlar etdirib. Etsəydi də, belə videolar çəkəcəkdim. Ətrafımda bunu edən dostlarımız var, bu, bizim aramızda qalmaqala səbəb olmur. Sadəcə, mən bəyənmirəm”, - deyə Taleh Yüzbəyov bildirib.
O, bəzi sosial şəbəkə istifadəçilərinin 12 yaşlı qızını da müzakirəyə cəlb etməsini sərt şəkildə tənqid edib və belə yanaşmanı qəbuledilməz adlandırıb.
Aktyor səsləndirdiyi fikirlərə görə üzr istəməyəcəyini də vurğulayıb:
“Belə düşünmədiyim üçün məni məcbur edə bilməzsiniz. Kiminsə könlü xoş olsun deyə özümdən imtina etmək fikrim yoxdur”.
Qeyd edək ki, Taleh Yüzbəyovun çəkildiyi reklam çarxında qadınların estetik əməliyyatlarına münasibəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.