30 il əvvəl Bakıda törədilən qətllə bağlı məhkəmə prosesi başlayıb
30 il əvvəl Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.
Məhkəmə təqsirləndirilənlər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Növbəti məhkəmə iclası iyulun 29-na təyin olunub.
İttihama görə, 1996-cı il aprelin 10-da Gülməmməd Bayramovun qəsdən öldürülməsi faktı üzrə aparılan istintaq zamanı müəyyən edilib ki, Şahin Cəlilov və Hidayət Qafarov əvvəlcədən əlbir olaraq "Neftçilər" metro stansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri qismində əyləşiblər.
İstintaq materiallarına əsasən, onlar Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində hərəkətdə olan avtomobildə sürücünü iplə boğaraq öldürüblər.
Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlətdikləri, zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq satdıqları və əldə edilən vəsaiti öz aralarında bölüşdürdükləri iddia olunur.
Baş Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması zamanı hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar edilib.